Hekayəm

Yol yoxdursa, öz yolunu sal

Nərmin Məcid əlində mütəxəssis həkim sənədi ilə
Daxili xəstəliklər, hematologiya və onkologiya üzrə mütəxəssis həkim sənədi — Baden-Vürtemberq Həkimlər Palatası, Cənubi Vürtemberq dairə palatası, Tübingen, sentyabr 2026.

2012-ci ildə Azərbaycanda onkologiya rezidenturasına başlayanda ölkədə rezidentura sisteminin cəmi bir yaşı vardı.

Bu gün mən Almaniyada daxili xəstəliklər, hematologiya və onkologiya üzrə rəsmi olaraq təsdiqlənmiş mütəxəssis həkiməm.

Bu iki cümlənin arasında 14 il var.

On dörd il — müxtəlif ölkələrdə, çoxlu imtahanlar, heyrətamiz insanlar, beynəlxalq proqramlar, təcrübə proqramları və təqaüdlərlə keçən illər. Və nəhayət, iki övladla yeni bir ölkəyə köçüb hər şeyə yenidən başlamaq.

Bu yolda ESMO — Avropa Tibbi Onkologiya Cəmiyyətinin imtahanını uğurla verən ölkəmizdən ilk həkim oldum — həm də rezidenturanın üçüncü ilində. Azərbaycandan Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) Beynəlxalq İnkişaf və Təhsil Mükafatını alan ilk həkim də mən oldum. Avropa Onkologiya Məktəbinin (ESO) masterklasslarında və mentorluq proqramlarında iştirak etdim; ESO-nun təqaüdləri ilə Ulm Universitetinin süd vəzi xərçəngi üzrə sertifikat proqramında (Certificate of Competence in Breast Cancer, CCB) və "Advanced Oncology" magistr proqramında oxudum; Ulm Universitet Xəstəxanasında ESMO Integration Fellowship təcrübəsini başa vurdum və Harvard Tibb Məktəbinin peşəkar və davamlı təhsil bölməsinin GCSRT proqramını bitirdim.

Bu təcrübələrin hər biri yeni bir qapı açdı və məndə irəli getmək istəyi yaratdı.

Amma Almaniyada hər şeyə yenidən başlamaq başqa idi. Elə günlər az olmadı ki, özümdən soruşurdum: "Bəlkə geri qayıdım?"

Belə şübhələr yarananda həyatda çox erkən öyrəndiyim bir şeyə qayıdırdım:

Başladığın işi yarımçıq qoyma.

37-ci ad günümdən bir az sonra özümə həyatımın ən böyük hədiyyələrindən birini verdim:

Almaniyada daxili xəstəliklər, hematologiya və onkologiya üzrə rəsmi olaraq təsdiqlənmiş mütəxəssis həkim oldum.

Bu sondurmu? Xeyr.

Əslində, bu, daha çox yeni bir fəslin başlanğıcı kimi hiss olunur.

Bu hekayəni xüsusilə aşağı və orta gəlirli ölkələrdə çalışan gənc həkimlərlə bölüşmək istədim — orada resurslara, təlimə və peşəkar imkanlara çıxış daha məhdud ola bilər.

Təhsil və səhiyyə sistemlərindəki məhdudiyyətlər insanı yora bilər.

Amma əlinizdəki imkanlarla pasiyentləriniz üçün bacardığınızın ən yaxşısını etməyin dəyərini heç vaxt azımsamayın.

Bununla fəxr edin.

Haradan başlamağınız nə qədər irəli gedə biləcəyinizi müəyyən etmir.

Öyrənməyə davam edin. Əzmkar olun.

Və böyük hədəflərinizdən sırf gözlədiyinizdən uzun çəkdiyi üçün əl çəkməyin.

Bu yazını daha bir təşəkkür etmədən bitirə bilməzdim. Yolumun bir parçası olmuş bütün mentorlara, həmkarlara və dostlara — mənə inandığınız, məni öyrətdiyiniz, qarşımda qapılar açdığınız və ehtiyacım olanda yanımda olduğunuz üçün təşəkkür edirəm. Hər birinizin bir parçasını özümlə daşıyıram.

Və xüsusilə bir insana — tək bir cümləsi ilə mənə istiqaməti dəyişib Almaniyaya yol almaq cəsarəti verən insana.

Bəzən bir cümlə bütöv bir yolu dəyişməyə kifayət edir.

Yol yoxdursa, öz yolunu sal.

Peşəkar yolu il-il oxuyun

Saytda axtarış